
Hack konsepsiyası. (Xüsusi terminlər)
Kiber təhlükəsizlik müasir dövrümüzün- İnformasiya texnologiyaları erasının ən prioritet sahələrindən biridir. Günümüzdən 15 il öncəyə geri dönüb baxa bilsək görərik ki, Kiber təhlükəsizlik xalq arasında bilinməyən bir anlayış idi. Hətta məlumatsızlıq o qədər pik nöqtədə idi ki, hər hansı bir şəxsə Kiber təhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərdiyini bildirdikdə insanlar ən yaxşı halda sənin mühafizəçi kimi çalışdığını düşünürdülər. Amma günümüzdə insanlar Kiber təhlükəsizlik sahəsi barəsində daha çox məlumatlıdırlar. Mən bu məqaləmdə sizinlə bu sahədə ən çox istifadə edilən və axtarılan terminləri , eləcə də , onların izahlarını bölüşmək istəyirəm.

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik anlayışları
İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şərhinə keçməzdən əvvəl, informasiya cəmiyyətinin əsasını təşkil edən informasiya anlayışı haqqında məlumatın verilməsi zəruridir. Belə ki, informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə olunmasın. Burada informasiya anlayışı aşağıdakı kimi başa düşülür.
İnformasiya – təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr, təzahürlər, proseslər və anlayışlar haqqında məlumatlar və biliklərdir.